96
Bəxtiyar Tuncay [email protected] Kiberhücumlar kibersavaşın əsas istiqamətlərindən biri kimi Kibersavaş və ya kibermüharibə (İng. Cyberwarfare ) – kompüterlərin, onlayn idarəetmə sistemlərinin və şəbəkələrin savaş arenası və ya müharibə kontekstində istifadə edilməsi ya hədəflənməsidir. Bura kiberhücum, kibercəsusluq, kibersabotaj təhlükəsi ilə əlaqəli hücum və müdafiə əməliyyatları da daxildir ( Clarke Richard A., 2010 ). Hal-hazırda dünyanın bir çox ölkəsində, o cümlədən, ABŞ, Çin, Rusiya, İsrail, Böyük Britaniya, Şimali Koreya, İran, Türkiyə və s., kiber imkanların inkişaf etdirilməkdə, bundan həm hücum, həm də müdafiə məqsədləri üçün istifadə edildiyi barədə çox sayda təkzibedilməz məlumat mövcuddur ( Who are the cyberwar.., 2010 ). Kibersavaş ilk növbədə dövlət idarələrinin, maliyyə və biznes mərkəzlərinin kompüter sistemlərinin və İnternetə çıxışının sabitliyinin pozulmasına gündəlik həyatı İnternet sistemi ilə bağlı olan ölkə və

bextiyartuncay.files.wordpress.com · Web viewBəxtiyar Tuncay. [email protected]. Kiberhücumlar kibersavaşın əsas istiqamətlərindən biri . kimi. Kibersavaş və ya

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

Bəxtiyar Tuncay

[email protected]

Kiberhücumlar kibersavaşın əsas istiqamətlərindən biri kimi

Kibersavaş və ya kibermüharibə (İng. Cyberwarfare) – kompüterlərin, onlayn idarəetmə sistemlərinin və şəbəkələrin savaş arenası və ya müharibə kontekstində istifadə edilməsi və ya hədəflənməsidir. Bura kiberhücum, kibercəsusluq, kibersabotaj təhlükəsi ilə əlaqəli hücum və müdafiə əməliyyatları da daxildir (Clarke Richard A., 2010).

Hal-hazırda dünyanın bir çox ölkəsində, o cümlədən, ABŞ, Çin, Rusiya, İsrail, Böyük Britaniya, Şimali Koreya, İran, Türkiyə və s., kiber imkanların inkişaf etdirilməkdə, bundan həm hücum, həm də müdafiə məqsədləri üçün istifadə edildiyi barədə çox sayda təkzibedilməz məlumat mövcuddur (Who are the cyberwar.., 2010).

Kibersavaş ilk növbədə dövlət idarələrinin, maliyyə və biznes mərkəzlərinin kompüter sistemlərinin və İnternetə çıxışının sabitliyinin pozulmasına və gündəlik həyatı İnternet sistemi ilə bağlı olan ölkə və dövlətlərin qeyri-sabitlik və xaosa sürüklənməsinə yönəlmişdir. Çağımızda bu tip savaş münasibətləri gərgin olan dövlətlər arasında adi hala çevrilmişdir.

ABŞ hökumətinin təhlükəsizlik üzrə eksperti Riçard Klarkın sözləri ilə ifadə etsək, kibersavaş hər hansı bir dövlətin zərər vurmaq və ya məhv etmək məqsədilə başqa bir. dövlətin kompüterlərinə və ya şəbəkələrinə sızmasıdır. Böyük Britaniyada nəşr olunan “The Economist” dərgisin yazdığına görə, kibersavaş müharibənin yerdə, dənizdə, havada və kosmosda aparılan istiqamətləri ilə yanaşı, beşinci və yeni istiqamətidir (Cyberwar: War in the.., 2010).

Kiberməkanda hərbi əməliyyatların açıq şəkildə aparılmasına 2000-ci illərdən başlanmış və bu məqsədlə aşağıdakı qurumlar yaradılmışdır:

1. 2005-ci il. Avropa Birliyinin Şəbəkə və informasiyanın Təhlükəsizliyi Agentliyi (The European Networks.., 2005).

2. 2010-cu il. ABŞ-ın Kibernetik Komandanlığı (Nakashima Ellen, 2016).

3. 2014-cü il. Rusiyanın İnformativ Əməliyyat Qoşunları (Антон Благовещенский, 2013).

Kompüter texnologiyalarının genişlənməsi ilə ayrı-ayrı fərdlərin, eləcə də idarə və dövlət müəssisələrinin gündəlik həyatı İnternetlə sıx bağlı hala gəlmişdir. Düşmən dövlətlərin və ya da ayrı-ayrı kibercinayətkarların İnternetdən təxribat xarakterli hücümlar məqsədi ilə istifadə etmələri bütöv bir ölkə və ya dövlətin təhlükəsizliyinə, ilk növbədə də iqtisadi təhlükəsizliyinə, eləcə də siyasi sisteminin sabitliyinə böyük bir zərbə vurmaq üçün yetərlidir. Bir sözlə, İnternetdən başqa dövlətlərin kompüter sistemlərinə hücum məqsədilə istifadə edilməsi həmin dövlətlərin iqtisadiyyatını çökdürmək və ölkədəki sabitliyi pozmaqla nəticələnə bilər ki, bu da son dərəcə arzuolunmaz haldır. Belə olduğu üçün də hər bir dövlət özünün kibertəhlükəsizliyi barədə ciddi surətdə düşünmək və gözlənilməz hücumlara qarşı etibarlı müdafiə sistemləri yaratmaq məcburiyyətindədir.

Keçmişdə şahidi olduğumuz kiberhücumlardan fərqli olaraq, çağımızda həyata keçirilən hücumlar daha böyük təhlükə yaradır və həmin təhlükələrdən qorunmağı zəruri edir. Bu zərurət həm də dövlət sirrlərinin qorunması zərurətindən doğmaqdadır. Çünki hazırda əksər ölkələrin kəşfiyyat təşkilatları İnternetdən cəsusluq və gizli informasiyanın toplanması aləti kimi də istifadə etməkdədirlər. Bura kibermüdafiə sistemlərinin sındırılması, bu yolla dövlət sirri hesab edilən məlumatlara ulaşılması da daxildir. Təsadüfi deyil ki, hazırda ABŞ, Almaniya və Hindistan kimi bəzi ölkələr öz təhlükəsizlik sistemlərinin və gizli informasiya resurslarının dəfələrlə Çin tərəfindən müdaxiləyə məruz qaldığı barədə bəyanatlar yaymışlar (China's Response to.., 2013). Doğrudur, Çin baş verənlərdə əlinin olduğunu inkar edir, lakin onun bunu inkar edib-etməməsi və hətta kiber hücumun arxasında Çinin deyil, hər hansı bir başqa ölkənin durması məsələnin mahiyyətini dəyişmir. Fakt budur ki, artıq bu kimi hallar günümüzün gerçəkliyidir və demək olar ki, hər dəqiqə və hətta hər saniyə baş verir. Bütün dövlətlər bir-birinin gizli məlumat resurslarını əldə etmək üçün, gecə-gündüz demədən, ciddi şəkildə fəaliyyət göstərirlər.

Deyilənlərə Rusiyanın ABŞ-dakı Prezident seçkilərinə müdaxiləsi barədə iddiaları da əlavə etmək lazımdır. Bu baxımdan “APA” İnformasiya Agentliyinin 24 yanvar 2018-ci il tarixində yaydığı bir xəbər çox manidardır.

“MKİ rəhbəri Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı dindirilib” başlığı ilə verilmiş həmin xəbərdə bildirilirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo və ABŞ kəşfiyyatının yüksək rütbəli zabitləri xüsusi prokuror Robert Müllerin komandası tərəfindən dindiriliblər:

“APA”-nın xəbərinə görə, bu barədə Reuters məlumat verib.

Ötən il araşdırma çərçivəsində M. Pompeo, həmçinin ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Den Kouts və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə veriblər.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir” (MKİ rəhbəri Rusiyanın.., 2018).

Dünyada aparılan gizli kibersavaşın hansı miqyaslara çatdığını anlamaq üçün dünyanın, o cümlədən Azərbaycanın aparıcı informasiya agentliklərinin yaydığı xəbərlərə nəzər yetirmək kifayətdir. Onlardan bir neçəsini nəzərdən keçirək:

27.07.2012.

İsrailin 220 saytı dağıdılıb, ABŞ-a isə xəbərdarlıq edilib.

İran ABŞ-ın kiber hücumlarına çox sərt şəkildə cavab verəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Kiber bölməsi açıqlayıb. 

Məlumatda bildirilir ki, ABŞ İrana qarşı kiber hücumlarını davam etdirəcəyi təqdirdə, Vaşinqton kompensasiyası mümkün olmayan nəticələrlə üzləşəcək: “ABŞ İranın nüvə obyektlərinə qarşı kiber hücumlarını davam etdirərsə, İran qətiyyətlə onları peşman edəcək. ABŞ-ın təhdidə qarşı təhdid doktrinasını ciddi olaraq ələ alması lazımdır. Çünki İran hərbi baxımdan çox güclüdür və düşmənlərinin hər cür macəraçılığına qarşı qəti cavab verəcək”.

Bu arada, iranlı hakerlər ölkənin nüvə alimi Daryuş Rezayinejada qarşı terror həyata keçirildiyi günün ildönümündə İsrail saytlarına hücum ediblər və 220 saytı dağıdıblar. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.Məlumata əsasən, özlərini Ditakadrz qrupu adlandıran hakerlər iddia edirlər ki, dağıdılmış saytların içərisində İsrail təhlükəsizlik qüvvələrinin təlim mərkəzinin və İsraildə plastik kartlar xidməti göstərən bir maliyyə müəssisəsinin saytları da var.

Onlar, həmçinin iddia edirlər ki, 220 saytdan başqa, İsraildə müxtəlif saytlara server xidməti göstərən saytı da dağıdıblar. Məlumatda dağıdılmış saytların adları göstərilməyib (İran kibersavaşa başladı.., 2012).

12.03.2014.

Hazırda Ukrayna beynəlxalq şəbəkədə əsas hədəfdədir. Lent.az-ın «biznesvik»-ə istinadən məlumatına görə, bunu ABŞ Hərbi Dəniz Donanmasının vitse-admiralı Maykl Rocers deyib.

Prezident Barak Obama onun namizədliyini ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsinə irəli sürülüb. Senatdakı çıxışında M. Rocers bildirib ki, son zamanlar şəbəkələrdə kibersavaşın sayı artıb.

O, son böhranlarda Suriya və Gürcüstana  Rusiya kiber hücumları xatırladıb.

Maykl Rocers bildirib ki, Ukrayna hazırda kiber hücumların əsas hədəfidir. Onun sözlərinə görə, gələcəkdə «istənilən savaşda İnternet-savaşı əsas element» olacaq (Ukraynaya qarşı artıq.., 2014).

27.11.2014.

Şimali Koreya və ABŞ arasında kiber savaş.

Azadlıq.az-ın xəbərinə görə, Şimali Koreya, iki ölkə arasında gərginliyə səbəb olan “The Internview” (Müsahibə) filminin Amerikada vizyona girməsindən sonra verilən ilk açıqlamada, ölkələrində yaşanan internet kəsintisinə görə ABŞ-ı günahlandırdı.

Ölkədə ötən həftə ən uzun 9 saat olmaq üzərə sıx olaraq internet kəsintiləri yaşanıb.

Şimali Koreyanın iddia ettiyi internet kəsintiləri, ABŞ prezidenti Barack Obama-nın “The Interview” filminin prodüseri Sony-ə qarşı kiber hücumlardan Pyongyang rəhbərliyinin məsuliyət daşıdığını, və Şimali Koreyaya lazımlı cavabı verəcəklərini bildirmişdi.

Şimali Koreya bu iddiaları qəbul etməmişdi. Ölkədə internet istifadəçilərinin sayısı az olmasına baxmayaraq təcrübəli pirat(hacker) qrupu yer alır. Hətta son vaxtlarda Amerikaya qarşı kiber hücumların sayı artıb.

Gərginliyə səbəb olan və iki Amerikalı jurnalistin CIA adına Şimali Koreya liderinə sui-qəsd cəhdini mövzu alan mübahisəli komediya kinosudur (Şimali Koreya və ABŞ arasında.., 2014).

26.06.2016.

NATO-nun Rusiya ilə kibertəhlükəsizlik sahəsində danışıqlardan imtina etməsini Moskva cavabsız qoymayacaq

Bunu Rusiya mətbuatına müsahibəsində Rusiya prezidentinin xüsusi nümayəndəsi Andrey Krutski söyləyib.

Onun sözlərinə görə, NATO bu danışıqlardan imtina gücünü nümayiş etdirməyə çalışır. O, Rusiyanın öz milli maraqlarını kiminsə tapdalamasına izn verməyəcəyini bildirib (Rusiya NATO ilə.., 2016).

24.10.2016.

Rusiyanın əsas informasiya sistemləri ABŞ-dan mümkün kiberhücumlara qarşı etibarlı şəkildə müdafiə olunur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Rabitə naziri Nikolay Nikiforov söyləyib. Onun sözlərinə görə, əsassən dövlət orqanları, atom stansiyaları, müdafiə və təhlükəsizlik xarakterli obyektlər ciddi müdafiə olunur:

"Təbii ki, burada 100%-lik müdafiədən söhbət gedə bilməz. Müdafiə heç vaxt tam yekun proses deyil. Hər gün hücum vasitələri inkişaf edir. Bu gün əsas problem smartfon telefonlardır. Rusiyada ən azı 70 milyondan çox smartfon var. Bunların hamısı xarici istehsaldır və hər birində Amerikanın əməliyyat sistemləri var. Onlarla istənilən şeyi etmək olar. Bir gecə ərzində bütün ölkədəki smarfonları yeniləyib, burada istənilən şeyi yerləşdirmək olar. ABŞ belə bir şeyi istənilən an edə bilər".

Qeyd edək ki, ABŞ vitse-prezidenti Cozef Bayden Rusiyanın kiberhücumlarına cavab veriləcəyini və yaxın zamanlarda Prezident Vladimir Putinə mesaj çatdırılacağını söyləyib. Kreml isə öz növbəsində ABŞ-a heç bir kiberhücum təşkil etmədiyini və Vaşinqtonun istənilən hücumuna sərt cavab veriləcəyini açıqlayıb (Rusiyadan kibersavaş etirafı.., 2016).

06.01.2017.

IslamTABŞ Konqresinin Kibertəhlükəsizlik Komitəsinə Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem rəhbərlik edəcək.Konqresdə belə bir komitənin yaradılması təşəbbüsü ilə senator Con Makkeyn çıxış edib.  Qeyd edək ki, Qrem Rusiyaya qarşı sərt mövqeyi ilə seçilir. O, ABŞ-ın Avropadakı müttəfiqlərini Rusiyadan qorumaq üçün Moskvaya qarşı sərt sanksiyaların tətbiq edilməsinin tərəfdarıdır. Qrem həmçinin bir müddət öncə Şərqi Avropaya səfər edən senatorlar sırasında olub (ABŞ kibersavaşa başladı.., 2017).

19.01.2017.

Rusiya qlobal kibersavaş başladıb.

Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.

“Rusiya hər kəsə qarşı qlobal kibersavaş başladıb. Bunun üçün çoxlu dəlil var. Bu, qlobal təhdiddir və bütün dünya buna qarşı mübarizə üçün birləşməlidir. Kibersavaş həm də hibrid müharibənin aparılma metodlarından biridir”, – prezidnet bildirib (Poroşenko dünyanı.., 2017).

18.06.2017.

XXI əsrin yeni super silahı atom və ya termanüvə bombaları yox, məhz süni intellekt olacaq.

Bunu jurnalistlərə açıqlamasında fransalı futuroloq Jan Kristof Boni söyləyib.

“Nelson Mandella 1995-ci ildə yazmışdı ki, XXI əsrin əsas silahı təhsil olacaq və o, nüvə silahını əvəz edəcək. Məncə, əsas silah süni intellekt sistemləri olacaq. Atom bombalarından fərqli olaraq, onlar üçün uran, zavod və digər şeylər gərək deyil. Bunun üçün yalnız silikon və elektrik kifayət edir. Fransa, İsrail və digər ölkələrin nümayəndələri kibersavaş üçün bu cür sistemləri hazırladıqlarını inkar edirlər. Biz bunların həqiqət olub-olmadığını yoxlaya bilmərik. Süni intellekt üzərində araşdırmalar aparılır və artıq dünya liderlərinin əsas strategiyasıdır”, – deyə o bildirib (XXI əsrin super.., 2017).

06.09.2017.

“Kasperski” şirkətinin proqramları ABŞ-ın milli təhlükəsizliyi üçün təhdiddir.

Bu sözlər amerikalı senator Cin Şahinin “Nyu York Tayms” qəzetindəki məqaləsində yer alıb.

“Kreml bizim prezident seçkisinə qarışıb, NATO-dakı müttəfiqlərimizə qarşı kibersavaş aparır, bizə qarşı istifadə etdiyi metodlardan bütün dünyaya qarşı istifadə etmək istəyir. Rusiyanın “Kasperski” şirkətinin məhsulları ABŞ üçün siyasi təhdiddir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə də C.Şahin “Kasperski” ilə Kreml arasındakı əlaqələrin çox narahatedici olduğunu, bu antivirusdan hərbi məqsədlər üçün istifadəyə qadağa qoyulmasını tələb etmişdi (Bu rus şirkəti ABŞ üçün.., 2017).

10.10.2017.

ABŞ və Rusiya arasında kibermüharibə inandırıcı deyil.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında “Qrup İB”nin rəhbəri İlya Saçkov söyləyib. Onun sözlərinə görə, bu savaş dəhşətli nəticələrə səbəb ola bilər:

“Ümid edirəm ki, bütün ölkələr kibersavaşın dəhşətli nəticələrə səbəb olacağını anlayırlar. Məncə, Rusiya və ABŞ bu savaşa başlamayacaq, çünki bu, fəlakətə səbəb olar. Mən kibersavaşa inanmıram” (Rusiya və ABŞ bilir ki.., 2017).

27.12.2017.

Ermənistanda kibertəhlükəsizlik mərkəzi yaradılacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda kibertəhlükəsizlik sisteminin formalaşdırılması məqsədilə kibertəhlükəsizlik mərkəzi yaradılacaq.

Düşmənin yaradacağı kibertəhlükəsizlik mərkəzi haqqında danışmazdan öncə qeyd edim ki, Azərbaycan Rusiya, İran, Ermənistan kimi kiber ölkələrlə əhatələnib və bu baxımdan müdafiə sistemi mütləq təşkil edilməlidir. İsrailin kiber təhlükəsizlik mütəxəssisi İsaak Benin sözləri ilə desək, hazırda kiber savaş böyük bir gücə sahibdir və bir ölkəyə zərbə vurmaq istəyirsinizsə, həmin ölkənin su və enerji mənbələrinə qarşı kiber hücum təşkil edin. Kiber texnologiya bunu bir güllə belə istifadə etmədən reallaşdırmaq gücünə sahibdir.

Vaxtilə Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyirdi: “Biz strateji əhəmiyyətli Mingəçevir su anbarına gözlənilməz zərbə endirə bilərik”.

Hədəfə çevrilən Mingəçevir su anbarına hücumun kiber müstəvidə olması ən real variantdır. Qorunmağın ən uğurlu yolu kiber müdafiə, hücum ordularının yaradılması, dövlət saytların server bazasının ölkəmizdə qurulması və istedadlı gənclərin bu prosesə cəlb edilməsidir. Bu halda informasiya təhlükəsizliyinin təminatında fundamental sütunlar yaranmış olacaq.

İndi isə düşmənin yaradacağı məkəz haqqında məlumat verək. Məlumata görə, yaradılacaq kibertəhlükəsizlik mərkəzi ayrıca qurum olacaq. Onun əsas fəaliyyət istiqamətləri belə olacaq.

- Kibertəhlükəsizliyin ümumi və fərdi, strategiyanın və siyasətin inkişafı və koordinasiyası,

- Kiber təhlükələrin qarşısının alınması və koordinasiyası,

- Dövlət orqanları ilə qarşılıqlı əlaqələrin təmin edilməsi və peşəkar məsləhətlərin verilməsi, təhsil prosesinin təşkili,

- Beynəlxalq təcrübənin öyrənilməsi və lokalizasiya işlərinin həyata keçirilməsi.

Ermənistanda illər boyu bu işlər ayrı-ayrı qurumlar tərəfindən həyata keçirilib, indi isə bu sahədə düşmən ölkə mərkəz yaratmağı düşünür.

Ermənistanda kibertəhlükəsizlik mərkəzi 2 variantda yardıla bilər.

- Ermənistan hökuməti nəzdində, öz əməkdaşları, əmlakı, əsasnaməsi və dövlət büdcəsində nəzərdə tutulmuş təminat növləri əsasında,- Artıq fəaliyyət göstərən dövlət qurumu və ya dövlət qurumu tərəfindən yaradılan təşkilatın yenidən qurulması əsasında.

Kibersavaş dedikdə iqtisadi ziyan vurma və ya müdafiə pərdəsini dağıtmaq mexanizmi olaraq, düşməninin kompüter şəbəkəsini, gizlilik imkanlarını yararsız hala salınması anlaşılır. Kiber savaş zamanı düşmən qarışıq yollardan yararlanaraq zərbə endirir, üstəlik iz də buraxmır. Hərbi texnologiyanın da internetə bağlılığı sürətlə artır; modern silahlar, düşmən yerini bildirən komplekslər və məxfi xəbər ötürmə sistemləri internetlə idarə olunur.

Biz ərazi münaqişəsini yaşayan bir dövlət olaraq bunun nə dərəcədə əhəmiyyət kəsb etdiyini dərk etməliyik. Bütün bunlar kibertəhlükəsizlik məsələlərinə ciddi önəm verilməsini xüsusi faktor kimi önə çıxarılmasını bir daha göstərir.

Ölkəmizdə informasiya kommunikasiyası texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini gündəmə gətirir. Xüsusən Dağlıq Qarabağ probleminin mövcudluğu bizi bu məsələ ətrafında daha ciddi tədbirlər görməyə sövq edir. İstənilən situasiyanın, xüsusilə də hərbi münaqişə vəziyyətinin qalibi statusuna yüksəlmək üçün informasiya məkanında son dərəcə tədbirli, çevik, ağıllı məsuliyyətli və peşəkar olmaq lazımdır (Alpər Mövludoğlu, 2017).

06.09.2018.

“Rusiyanın casus şəbəkəsini darmadağın edəcəyik və bunun üçün kiber savaşa başlayarıq. Solsberidə "Noviçok"la insanları zəhərləyənlərin tapılıb cəzalandırılmasına çalışacağıq”.

Britaniyanın baş naziri Tereza Mey ölkə parlamentində çıxış edərkən belə deyib.

"Noviçok"la zəhərlənmiş 4 nəfərdən üçü ölümdən xilas edilsə də, 3 övlad anası vəfat edib.

"Noviçok"dan zəhərlənmiş Çarli Rouli xəstəxanada deyib ki, onun və daha 3 nəfərin həyatına qəsd edənlər məsuliyyətə cəlb olunmalıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (BKİ) sabiq əməkdaşı, polkovnik Sergey Skripal və onun qızı Yuliya Skripalın Solsberi şəhərində "Noviçok" adlı çox təhlükəli kimyəvi madə ilə zəhərlənməsində rəsmi London iki rusiyalını şübhəli bilib. Aleksandr Petrov və Ruslan Başirov adlı bu şəxslərin BKİ əməkdaşları olduğu vurğulanır.

"Bu şəxslərin Britaniyaya ekstradisiyasını tələb etmirik, çünki bu tələbin mənasız olduğunu bilirik", - Britaniya DİN-nin açıqlamasında deyilir.

Rusiyanın XİN-i ittihamları rədd edib, bu şəxslər barəsində məlumatların olmadığını deyib və Britaniyanın hakimiyyət dairələrini əməkdaşlığa çağırıb.

Britaniyalı prokuror Syu Hemminq isə bəyan edib ki, Aleksandr Petrov və Ruslan Başirovun əsl adları başqadır: "Onlar gerçək Britaniya pasportlarından istifadə ediblər və sənədlərdə də saxta adları yazılıb. Onlar Britaniyaya saxta adlarla gəliblər. Bu şəxslərin tutulması üçün Avropa orderi verilib. Yəni onlar Britaniyaya və ya Avropa Birliyindəki ölkələrdən birinə ayaq basan kimi tutulacaqlar".

Britaniyanın Antiterror Xidmətinin rəhbəri Nil Basu şübhəli şəxslərin harada çalışdıqlarını açıqlmasa da, baş nazir Tereza Mey şübhəli şəxslərin Rusiyanın hərbi kəşfiyyatının əməkdaşları olduğunu bəyan edib.

Britaniya polisindən verilən məlumata görə, A.Petrov və R.Başirov martın 2-də Rusiyanın "Aeroflot" aviaşirkətinin SU2588 reysi ilə Londona gəliblər. Onlar Getvik hava limanını tərk edərək qatarla Londona, Viktoriya vağzalına yollanıblar, sonra avtobusla Londonun şərqindəki Bou-Roudda yerləşən "City Stay" otelinə üz tutublar.

Martın 3-də onlar metro ilə Vaterloo vağzalına, oradan da qatarla Solsberi şəhərinə gediblər. Orada "kəşfiyyat" aparan cütlük Londona qayıdıb, martın 4-də yenidən Solsberiyə yollanıblar.

Sergey və Yuliya Skripalların yaşadıqları evin giriş qapısının dəstəyinə "Noviçok"u çəkəndən sonra A.Petrovla R.Başirov Londona qayıdıblar, Hitrou hava limanına yollanaraq Britaniyanı tərk ediblər.

A.Petrov və R.Başirov "Noviçok" zəhərləyici maddəsini Britaniyaya 10 sm-lik "Nina Ricci" ətir flakonunda keçiriblər.

İstintaqın yaydığı məlumata görə, istifadə olunandan sonra flakon atılıb. Üç ay yarım sonra isə həmin flakonu Solsberinin qonşuluğundakı Eymsberi şəhərinin sakinləri Çarlz Rouli və Don Störces tapıblar.

Onların ikisi də zəhərlənib, Don Störces vəfat edib.

Polis "Nina Ricci" flakonunun Skripalların evindən 15 km aralıda tapılmasının səbəblərini araşdırır.

Britaniyanın baş naziri Tereza Mey ölkə parlamentinin İcmalar Palatasında çıxış edərkən deyib: "Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına çalışacağıq" (Britaniya Rusiyaya qarşı.., 2018).

21.07.2019.

Böyük Britaniya kəşfiyyatı, Rusiyanın İran və Britaniya arasında tanker böhranına müdaxilə ehtimalını dəyərləndirir.

Baki-xeber.com xəbər verir ki, bu barədə iddialar İngiltərə mətbuatında yer alıb.

Qeyd edilir, İngiltətə xarici kəşfiyyat xidməti MI6, Rusiyanın gizli bir əməliyyatla “Stena Impero” neft tankerinin GPS sisteminə müdaxilə edərək, Hörmüz boğazından keçən zaman İran sularına yönləndirilə biləcəyi ehtimalını araşdırır.

İddiaya görə, MI6 və İngiltərənin kiber cinayətlərlə mübarizə məqsədilə qurulmuş kəşfiyyat xidməti, Hökumət Əlaqə Mərkəzi (GCHQ) hadisəni birlikdə araşdırır. MI6 və GCHQ kifayət qədər imkanlara sahib rus casuslarının İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ələ keçirilən Britaniya bayraqlı “Stena Impero” tankerindəki GPS siqnalını pozmaq üçün kiber savaş texnologiyası istifadə edib-etmədiyini araşdırır. Mövzu ilə əlaqədar ingilis mətbuatına açıqlama verən mənbə, ''Rusiya GPS siqnalına müdaxilə texnologiyasına sahibdir və bu son dərəcə cəsarətli təşəbbüsdə İrana kömək etmiş ola bilərlər'' deyib.

İngiltərə mətbuatı, regionda texnologiya izi və ya bölgədəki Qərb casus təyyarələrinin şübhəli hər hansı bir fəaliyyətdə olub-olmadığının araşdırılacağını iddia edir.

Rəsmi Tehran, iyulun 19-da “Stena Impero” adlı Britaniya tankerinə, İran bayrağı altında üzən balıqçı gəmi ilə toqquşduğuna görə, ələ keçirildiyini açıqlamışdı.

İran, “Stena İmpero”nun Avtomatik Kimlik Sistemini (OTS) bağlayaraq, ətrafdakı gəmilərin radarlarında görünməsini çox məhdud səviyyəyə endirdiyini iddia edir. Olduqca dar və daha çox istifadə edilən Hörmüz boğazında dəniz qaydalarına görə, qəzaların qarşısını almaq məqsədilə bu sistemin açıq saxlanması gərəkir (İran-Britaniya tanker.., 2019).

29.09.2019.

Vaşinqton Tehrana qarşı kibermüharibə başladıb.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif NBC televiziyasına müsahibəsində deyib.

“ABŞ bu kibersavaşı bizim nüvə obyektlərimizə çox təhlükəli, milyonlarla insanı öldürəcək məsuliyyətsiz vasitələrlə başladıb. ABŞ başlatdığı istənilən müharibəni bitirə bilmir”, – deyə o bildirib.

Zərif, həmçinin, Trampın Yaxın Şərqdəki konfliktləri güclə həll etməməsi gərəkdiyini söyləyib (Vaşinqton Tehrana qarşı.., 2019).

26.12.2019.

ABŞ Rusiyaya qarşı kibermüharibə taktikasını inkişaf etdirməyə başlayıb.

“The Washington Post”un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin kiberkomandanlığının Rusiyanın yüksək vəzifəli şəxslərinə və iş adamlarına qarşı kiberəməliyyatlar həyata keçirməyə hazırlaşdığı aşkar edilib.

Məlumatda deyilir ki, hücuma başlamaq əmri “əgər Moskvsa ABŞ-da keçiriləcək 2020-ci il seçkilərinə müdaxilə edərək, seçki sistemlərini pozmağa çalışarsa” verilə bilər.

Eyni zamanda, bildirilib ki, Rusiya lideri Vladimir Putinin hücum hədəfi deyil.

Belə olarsa, Moskva ABŞ-ı təxribatçı hesab edəcək (ABŞ Rusiyaya qarşı.., 2019).

Yuxarıda Azərbaycan mətbuatından gətirdiyimiz sitatlar dünyamızın kibersavaşlar dövrünə daxil olduğunu, heç bir dövlətin, o cümlədən Azərbaycanın kiberhücumlardan və kibercəsusluqdan sığortalanmadığını, təhlükənin miqyasının düşünülə biləcəyindən qat-qat çox olduğunu anlamamız üçün yetərlidir. Təbii ki, hər bir ölkə kimi Azərbaycan da bunun fəqrqindədir. “Qabaqcıl ölkələrin təcrübəsində olduğu kimi Azərbaycanda da informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı informasiya təhlükəsizliyi məsələsini aktuallaşdırır.

İqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqinin genişləndiyi hamıya məlumdur. Belə vəziyyətdə həmin sahələrdə etibarlılığın artırılması üçün informasiya ehtiyatlarının, mübadiləsinin qorunması böyük əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycanda istifadə edilən kompüter və bu kimi qurğuların internet bağlantıları son illərdə genişlənib. İnternet bağlantılarının çoxalması, trafik axınının artması xarici təhdidlərin, hücumların da artmasına şərait yaradır.

Bütün sadalananlar Azərbaycan tərəfindən kiberhücumlara qarşı xüsusi müdafiə tədbirləri görülməsini, müdafiə sistemlərinin yaradılmasını zəruri edir.

İnformasiya sistemlərinin bu xüsusiyyətini nəzərə alaraq Azərbaycan 2012-ci ilin sonundan etibarən müdafiə tədbirlərinin koordinasiyasını təşkil etmək qərarına gəldi və bu məqsədlə ötən ilin sentyabr ayında "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" prezident fərmanı imzalandı.

Bu fərmanda ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı iki dövlət strukturunun yaradılması nəzərdə tutulur.

Dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradıldı.

Dövlət Agentliyi dövlət orqanları üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirir.

Agentlik dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə məlumat və resurs mərkəzinin təhlükəsizliyinin təmini istiqamətində müvafiq tədbirlər görür. Həmçinin dövlət orqanlarının internet informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirir və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına müvafiq texniki və metodiki kömək göstərir. Nəhayət, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizliyi barədə Azərbaycan prezidentinə vaxtaşırı məlumat verir.

   Bu fərmanla ikinci bir dövlət təşkilatı da yaradıldı. Həmin struktur Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Mərkəzidir...

Mərkəzin əsas işi ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini təhlil etmək, əhalinin, özəl və digər qurumların elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırılmasını həyata keçirmək, onlara texniki və metodiki kömək göstərmək, ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlər görməkdir...

...İKT üzrə mütəxəssis Osman Gündüz hesab edir ki, qeyri-dövlət sektorunun informasiya təhlükəsizliyi ilə bağlı qurumun yaradılması vacib və mühüm əhəmiyyət kəsb edən məsələdir. Çünki dəfələrlə qeyri-dövlət sektoru bu sahədə ciddi problemlərlə üzləşib və həmin problemlər hələ də qalır.

O. Gündüzün fikrincə, həmin qurumun əsasnaməsi hazırlanan zaman ictimai müzakirə təşkil edilməliydi. Ekspert hesab edir ki, bunun edilməməsi əsasnaməni təkmil hazırlanmasına imkan verməyib: "Kifayət qədər düşündürücü məqamlar diqqəti cəlb edir bu sənəddə. Əsasnamədə prezidentin fərmanında göstərilən vətəndaş cəmiyyətinin informasiya təhlükəsizliyi ilə bağlı texniki dəstəkdən söhbət getmir.

Sənəddən hiss olunur ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni nəhəng bir dövlət aparatı qurmaq istəyir. Dünya praktikasında bu tip qurumlar ictimai-elmi yönümü olmasına baxmayaq bu əsasnaməyə görə bu qurum hətta peyk sistemləri, TV yayımına olan elektron təhlükələrin də qarşısını alımalı, audit aparmalı, monitorinq sistemləri qurmalı, hətta bəzən MTN-in, Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətlərinə nüfuz etməlidir. Fikrimcə Elektron Təhlükəsizlik Mərkəzinin AMEA-nın müvafiq qurumunun bazası nəzdində yaradılması daha faydalı və az xərc tələb edən ola bilərdi. Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə onlar barədə məlumatları toplamaq və saxlamaq səlahiyyətindədir. Bu lap anlaşılmaz və hətta təhlükəlidir. Qurum artıq təhqiqat və əməliyyat axtarış tədbirləri həyata keçirməlidir. Məlumatlar necə toplanacaq? Kompüterləri götürüb aparacaqlar, yoxsa necə olacaq? Hansı məlumatlara giriş olacaq?"

Qeyd edək ki, müdafiə ilə bağlı Azərbaycanın yeni tətbiq etməyə başladığı təcrübə qabaqcil ölkələrdə xeyli inkişaf etdirilib. Ümumiyyətlə kiberhücumlar son illərin ən populyar olan mövzularından biridir. Yəni, bundan sadəcə Azərbaycan kimi informasiya kommunikasiya sistemləri yeni formalaşdırılan ölkələr deyil, həm də dünyanın qabaqcıl ölkələri də əziyyət çəkir. Buna görə də, həmin ölkələr tərəfindən kiberhücumlara qarşı xüsusi müdafiə tədbirləri görülür, təlimlər keçirilir...” (Yusif Cəfərov, 2013).

Deyilənlərə onu da əlavə edək ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları üçün xüsusi dövlət rabitəsini, Prezident rabitəsini, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini və şəbəkələrini idarələrarası elektron sənəd dövriyyəsini, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsini, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri hazırlayıb həyata keçirən qurumdur.

Agentlik informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir, kriptoloji fəaliyyətin təkmilləşdirilməsinin, elmi-texniki innovasiyaların tətbiqinin təmin edilməsini, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər qurumlarla birgə informasiyanın kriptoqrafik və texniki mühafizəsi, xüsusi telekommunikasiya sistemləri və şəbəkələri ixtisasları üzrə Dövlət orqanları üçün mütəxəssislərin hazırlanmasının təşkil edilməsini həyata keçirir.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Xüsusi Dövlət mühafizə Xidmətinin Əsasnaməsini, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin əmr və göstərişlərini və öz Əsasnaməsini rəhbər tutur (Xüsusi Rabitə və İnformasiya.., 2020).

Ölkəmizin kibertəhlükəsizliyinin təmini ilə məşğul olan daha bir qurum, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzidir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar  2018-ci il tarixli Fərmanı ilə  Mərkəz Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. ETX - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; 

- informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; 

- mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; 

- elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; 

- ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; 

- kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir (Elektron Təhlükəsizlik Mərkəzi, 2020).

Yüksək texnologiyaların sürətli inkişafı ilə əlaqədar olaraq kibersavaşın səviyyə və keyfiyyəti durmadan yüksəlməkdədir. Bu səbəbdən də bir sıra dövlətlər bu məsələyə yetərincə diqqət yetirir və sözügedən sahəyə kifayət qədər maliyyə resursu ayırır. Ayrılan maliyyə əsasən müdafiə sistemini gücləndirməyə, eləcə də əks-həmlələr təşkil etməyə yönləndirilir. Bura yeni avadanlıq və təchizatların əldə edilməsi, elmi-tezniki araşdırmaların aparılması, peşəkar kadrların hazırlanması və onların prşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi istiqamətlər daxildir.

Artıq qeyd etdiyimiz kimi kibersavaş əsasən kibercəsusluq və kiberhücumları əhatə edir. Mütəxəssislər kiber hücumun aşağıdakı növlərini xüsusi olaraq qeyd edirlər:

- Vandalizm. Hakerlərin İnternetdən İnternet səhifələrinin təxribi, səhifələrdəki məlumatların təhqiredici və ya təbliğat-təşviqat xarakterli materiallarla əvəz edilməsi məqsədilə istifadə edilməsi;

- Təbliğat və təşviqat. Təbliğat və təşviqat məzmunlu müraciətlərin göndərilməsi və ya müxtəlif İnternet səhifələrinə bu tip materialların yerləşdirilməsi;

- Məlumatın toplanması. Gizli məlumatların əldə edilməsi və ya mövcud məlumatların düşmən dövlətin lehinə olan məlumatlarla əvəzlənməsi məqsədi ilə şəxsi səhifələrin sındırılması;

- Xidmətdən imtina. Saytların və kompüter sistemlərinin fəaliyyətini dayandırmaq məqsədilə müxtəlif kompüterlərdən həyata keçirilən hücumlar.

- Cihaz və avadanlıqların fəaliyyətinə müdaxilə. Mülki və ya hərbi təyinatlı cihaz və avadanlıqların işini tənzimləyən kompüterlərə onların fəaliyyətini dayandırmaq, təxrib etmək və ya da idarəedici sistemlərini ələ keçirərək fərqli istiqmətə yönəltmək məqsədi ilə edilən müdaxilə;

İnfrastuktur məntəqə və obyektlərinə hücumlar. Şəhərlərə və onların infrasturkturunun – nəqliyyat, rabitə və bank şəbəkələrinin, su, qaz, elektrik, əraza və s. təminatı, eləcə də təhlükəsizlik (yanğından mühafizə və s.) sistemlərinin fəaliyyətini və təhlükəsizliyini tənzimləyən kompüterlərə təşkil edilən hücumlar.

Bu kimi halların vaxtında önlənə bilməsi, eləcə də düşmən ölkələrə həmin metodlarla zərbələr endirilə bilməsi məqsədilə əksər dövlətlərdə müvafiq tədbirlər görülməkdədir. Bu barədə açıq mənbələrdə yetərincə məlumat bulunmaqdadır. Məsələn, “Christian Science Monitor” qəzetində dərc edilmiş bir məqalədən belə aydın olur ki, İngiltərənin M16 gizli xidməti 2012-ci ildə Əl-Qaidə təşkilatının saytını sındıraraq, oradakı əl altındakı materiallardan bomba hazırlamaq barədə təlimatı ev şəraitində kekslərin hazırlanması üzrə təlimatla əvəz etmişdir (Mark Clayton, 2012).

Əldə olan məlumatlara görə, 2013-cü ilin 12 noyabrında Londonun bir sıra maliyyə təşkilatları kiberməkanda Waking Shark 2 (Stuxnet and the Future.., 2013) oyununun analoqu əsasında işlənib hazırlanmış xüsusi kiberhərbi oyunlar keçimişdilər. Bu oyunların məqsədi bank və digər maliyyə təşkilatlarına kütləvi kiberhücumlar zamanı ümumi önləyici tədbirlər və müdafiə sistemləri işləyib hazırlamaq idi (London banks embark.., 2013). Həmin il Walt-Streetdə bənzər “kibermanevrlər”in “Quantum Dawn” adı altında həyata keçirilmiş olduğu da məlumdur (Wall Street banks.., 2013).

2015-ci ilin yanvarında Böyük Britaniya və ABŞ kibertəhlükəsizlik sahəsində əməkdaşlıq barədə razılıq əldə etmişlər. BBC-nin yaydığı xəbərə görə, ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeronun yanvar ayının 16-da gerçəkləşən görüşü zamanı kibercinayətlərlə mübarizə üzrə birgə çevik böımələr yaratmaq, eləcə də həmin il bir-birlərinə qarşı təlim xarakterli kiberhücumlar təşkil etmək barədə razılığa gəlmişlər (Сергей Попсулин, 2015).

Məlumat üçün bildirək ki, ABŞ Silahlı Qüvvələrinin kiberməkanda əməliyyatlar keçirmək üçün nəzərdə tutulmuş ilk xüsusi bölməsi hələ 2007-ci ildə Hərbi Hava Qüvvələrinin 688-ci radio-elektron kəşfiyyat qanadının bazasında yaradılan Kiber Təhlükələrin Dəf Edilməsi üzrə Eksperimental Operativ Komndanlığı olub. Bundan təqribən 2 il sonra, 2009-cu ilin 23 iyununda ABŞ-ın müdafiə naziri Robert Geyrin Strateji Komandanlığın komandanı K. Çiltona Kibernetik Komandanlıq (USCYBERCOM) yaratmağı əmr etdiyi, sözügedən komandanlığın 21 may 2010-cu il tarixində yaradıldığı və həmin ilin 31 oktyabrında operativ əməliyyatlara tam hazır vəziyyətə gətirildiyi bilinməkdədir (Defense.gov News Release.., 2018).

ABŞ Kibernetik Komandanlığının komandanı eyni zamanda həm də Milli Təhlükəsizlik Agentliyinin direktoru vəzifəsini icra edir. USCYBERCOM-un ilk komandanı general kit Aleksandr olub. 2 aprel 2014-cü ildən etibarən bu vəzifəni admiral Maykl Rocers tutur. Komandanlıq daha öncədən mövcud olan bir neçə təşkilatı öz tabeçiliyinə almışdır. Bulardan Qlobal Şəbəkə Əməliyyatları Birləşməsinin (JTF-GNO) və Birləşmiş Şəbəkə Savaşı Komandanlığının (JFCC-NW) adlarını xüsusi olaraq qeyd etmək lazımdır. Bu sıraya JTF-GNO-nun bir bölməsi olan  Hərbi İnformasiya Şəbəkələri Agentliyini də ayrıca daxil etmək lazımdır. Həmin Agentlik Komandanlığın Fort-Midedəki mənzil-qərargahına köçürülmüşdür (American Forces Press Service.., 2011).

ABŞ-ın hərbi kibernetik əməliyyatları kiberməkanın təhlükəsizliyi üzrə milli strategiyanın önəmli tərkib hissəsidir. Bu ölkənin yeni hərbi strategiyasında qeyd edildiyi kimi, ABŞ-a qarı istənilən kiberhücum eynən adi hərbi hücumlar kimi “Casus belli” hesab edilir (Pentagon to Consider.., 2006).

Əldə olan açıq mənbələrə (Шейн Харрис, 2016, s. 17) görə, ABŞ-ım xüsusi xidmət orqanları 2006-cı ildən etibarən İranın nüvə proqramını önləmək məqsədilə kiberməkanda bəzi əməliyyatlar həyata keçirmişlər. Söhbət “Olimpiya oyunları” və “Stuxnet” kod adlı gizli əməliyyatlardan gedir. Bundan başqa, amerikalıların Əfqanıstan müharibəsində taktiki üstünlük qazanmaq məqsədilə də kiberhücumlardan istifadə etdikləri məlumdur (Raphael Satter, 2012).

“New York Times”ın bildirdiyinə görə, Pentaqon 2015-ci ilin 23 aprel tarixində kiberməkanda müharibə aparılmasının yeni strategiyasını dərc etdirmişdir. Sözügedən sənəddə ilk dəfə ABŞ-ın hansı şəraitlərdə kiberhücumdan istifadə edə biləcəyi incəliklərinə qədər qeyd edilmiş, eyni zamanda ABŞ-ın milli maraqlarına təhlükə törədən dövlətlərin siyahısı verilmiş, həmin dövlətlərin Rusiya, Çin, İran və Şimali Koreya olduğu diqqətə çatdırılmışdır (Пентагон объявил о новой.., 2015).

Böyük Britaniya və ABŞ-la yanaşı, Almaniyanın da kiberməkanda fəal olduğunu təsdiqləyən bəzi faktlar mövcuddur.

Almaniya 2013-cü ildə kiberəməliyyatlar məqsədilə təşkil edilən və 60 nəfərdən ibarət olan xüsusi bölməyə sahib olduğunu bütün dünyaya elan etmişdir (Michael Fischer, 2013). Bundan başqa, Almaniyanın BND kəşfiyyat xidməti də Kibertəhlükəsizlik üzrə Milli Mərkəzə 130 nəfər qəbul etdiyini bildirmişdir. 2013-cü ilin martında BND-nin başçısı Gerhard Şindler bəyan etmişdi ki, onun başçılıq etdiyi təşkilat hər gün Almaniyanın dövlət orqanlarının kompüter sistemlərinə təşkil edilən ən azı 5 kiberhücum qeydə alırlar və onların böyük əksəriyyətinin Çin ərazisindən təşkil edildiyi ehtimal edilir. Bu barədə açıqlama verən Gerhard Şindler eyni zamanda çalınmış gizli məlumatların gələcəkdə Almaniyanın silah istehsalçılarına, telekommunikasiya şirkətlərinə, hökumətə və hərbi qurumlara qarşı təxribat məqsədilə istifadə edilə biləcəyindən narahat olduğunu dilə gətirmişdi (Hackers wanted to.., 2013).

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenin ifşaedici çıxışlarından sonra Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix bəyan etmişdi ki, BND-yə kiberməkana nəzarət imkanlarını artıra bilməsi üçün Almaniya qanunvericiliyinin imkan verdiyi qədər, yəni 100 milyon avro məbləqində yeni büdcə ayrılacaqdır (Der Spiegel: Germany.., 2013; Germany to invest.., 2013).

Kiberhücumların təşkilində heç bir sınır tanımayan ölkələrdən biri kimi tanınan İsrailin kiber əməliyyatları ilə bağlı da əldə bəzi məlumatlar bulunmaqdadır. Həmin məlumatlara əsasən, İsrail ordusunda kiberəməliyyatların keçirilməsi səlahiyyəti Hərbi Kəşfiyyata daxil olan 8200 bölməsinə verilmişdir. Bu qurumun strukturunun ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin strukturunun analoqu kimi yaradıldığı və minlərlə nəfər şəxsi heyətə sahib olduğu bilinməkdədir (IDF Record Book , 2010, s. 83).

“The Telegraph”ın 2012-ci ildə yazdığına görə, qarşıda gələn 5 il ərzində İsrail ordusu özünün kiberordusunun şəxsi heyətinin sayını 5 min nəfərə çatdırmağı planlaşdırmaqda idi və bunun üçün 500 milyon dollar ayırmaq nəzərdə tutulmuşdu.

İsrailin kibersavaş üzrə mütəxəssislərindən biri hesab edilən general-mayor İshaq ben İsraelin rəyinə görə, sözügedən ölkənin kiberməkanda savaş strategiyası həm müdafiə, həm də hücum planlarını əhatə edir (Израиль намерен вложить.., 2012).

Qeyd edək ki, İsraillə qonşu olan və olmayan, demək olar ki, bütün ərəb ölkələri, eləcə də bir çox müsəlman ölkəsi, o cümlədən Türkiyə daim bu ölkənin hədəfindədir. Bir nömrəli hədəf kimi isə İran nəzərdən keçirilir.

Yeri gəlmişkən qeyd edək ki, İranın da əsas hədəfi İsraildir. İkinci yerdə ABŞ gəlməkdədir. Qonşu ərəb ölkələri, eləcə də Türkiyə və Azərbaycan hər an bu ölkənin kiberzərbələri ilə üzləşməkdən sığortalanmayıb. Təbii ki, İran da əks həmlələrdən sığortalanmış hesab edilə bilməz. Təsadüfi deyil ki, 2010-cu ilin iyun ayında bu ölkə dəhşətli bir kiber hücumun qurbanına çevrilmişdi. Belə ki, həmin tarixdə Natanzdakı Nüvə Tədqiqatları Mərkəzinin kompüter şəbəkəsinə “Stuxnet” virusu göndərilmiş və bu virus 1000-ə yaxın sentrafuqanın sıradan çıxmasına səbəb olmuşdu. Nəticədə, “Busines İnsider” qəzetinin iddiasına görə, İranın nüvə proqramı təqribən 2 il geri düşmüşdü (Gardner Josh, 2014).

Bundan sonra virus Natanzdakı zavodun kompüter şəbəkəsinin xaricinə sıçramış və ölkədəki 60-dan artıq kompüterin sıradan çıxmasına səbəb olmuşdur. Doğrudur İran hakimiyyəti bu faktı inkar edir və dəyən ziyanı əhəmiyyətsiz adlandırır, bununla belə, fakt faktlığında qalır.

Maraqlıdır ki, Natanza istiqamətlənmiş kiberzərbənin məsuliyyətini bugünə qədər heç bir dövlət öz üzərinə götürməyib. Bununla belə, dünyada heç kəs, elə iranlıların özləri də, bu hücumun arxasında ABŞ və İsrail mütəxəssislərinin durduğuna zərrə qədər də şübhə etmir. İşin daha bir maraqlı tərəfi isə budur ki, dünyanın informativ təhlükəsizlik üzrə tanınmış mütəxəssislərindən biri hesab edilən Maykl Qross 2013-cü ildə sözügedən hadisəyə toxunaraq, onu dünya tarixində ilk kibersavaş kimi xarakterizə etmişdir (Michael Joseph Gross, 2013).

İşin ən maraqlı tərəfi isə budur ki, İran bu həmləni cavabsız qoymadı, bu hadisədən dərhal sonra ABŞ və İsrailə, eləcə də bəzi körfəz ölkələrinə kiber zərbələr vurdu. Təbii ki, zərbələr vurdu, amma vurduğunu etiraf etmədi. Lakin qarşı həmlənin kim tərəfindən həyata keçirildiyi onsuz da hər kəsə məlum idi. O da məlum idi ki, 2012-ci ildə ABŞ-ın bir çox bankına yönələn kiberhücumun arxasında da məhz bu ölkə durub (US General.., 2013).

Yeri gəlmişkən qeyd edək ki, sözügedən ölkələr arasında kibersavaş bugünə qədər davam edir.

ABŞ və İsrailin 2010-cu ilin iyun ayında Natanzdakı Nüvə Tədqiqatları Mərkəzinin kompüter şəbəkəsinə endirdikləri kiber zərbə ilk zərbə olsa da, heç də sonuncu deyildi. Eyni hadisə 2020-ci ildə də təkrarlandı və yenə də hədəf qismində İranın nüvə obyektləri seçildi. Və bu dəfə baş verən hadisə dünya mətbuatının, o cümlədən Azərbaycan KİV-lərinin diqqətindən yayınmadı. Həmin hadisə ilə bağlı ölkəmizdə dərc edilmiş bəzi yazılara ötəri nəzər salaq:

03.07.2020.

İranın Natanz nüvə obyektində yanğın baş verən ərazidə nüvə materialı olmayıb.

AzərTac xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın müvafiq rəsmi qurumlarına istinadla yayıb. Beynəlxalq təşkilatın rəsmi internet saytında yerləşdirilən məlumatda bildirilir ki, yanğın qısa vaxt ərzində söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb və bu zaman radioaktiv çirklənmə (kontaminasiya) baş verməyib.

Həmçinin qeyd edilib ki, yanğının səbəbi hələlik bəlli olmasa da, baş vermiş hadisə zamanı heç kim xəsarət almayıb.

Beynəlxalq qurum eyni zamanda təsdiqləyib ki, yanğın baş verərkən BAEA müfəttişləri həmin ərazidə olmayıblar. Həmçinin bildirilib ki, beynəlxalq agentlik baş vermiş hadisənin beynəlxalq müfəttişlərin həmin nüvə obyektində bundan sonra da nəzarət fəaliyyətinə təsir etməyəcəyini təsdiqləmək üçün İran qurumları ilə mütəmadi ünsiyyətdədir.

Qeyd edilməlidir ki, Natanz nüvə obyekti BAEA-nın qeyri-nüvə ölkələrinin öz nüvə proqramlarını dinc məqsədlər üçün istifadəsinə nəzarət edən mühafizə sisteminə daxildir və İranın nüvə proqramına beynəlxalq nəzarət mexanizmi çərçivəsində müfəttişlər tərəfindən mütəmadi təftiş olunur (Elgün Niftəli, 2020).

06.07.2020.

İranın Natanz şəhəri yaxınlığındakı nüvə mərkəzində bir neçə gün əvvəl baş vermiş sirli partlayışın ardınca Tehran modernizə edilmiş köhnə sovet S-75 zenit-raket kompleksləri səfərbər edir.

Virtualaz.org xəbər verir ki, S-75 komplekslərinin İranın şimal sərhədlərinə doğru yerdəyişməsini əks etdirən videokadrlar internet resurslarında yer alıb. Xəbər verilir ki, İran ordusu şimal istiqamətinə azı 6 belə kompleks göndərib.

Xəbər verildiyi kimi bir neçə gün əvvəl İranın Natanz nüvə mərkəzində sirli partlayış baş verib, bu partlayış hətta kosmosdan qeydə alınıb. İran hakimiyyəti partlayışın baş verdiyini təsdiqləsə də bunun səbəbləri barədə hər hansı açıqlama verməyib. Təkcə o bildirilir ki, partlayış nüvə mərkəzinin binalarından birini sıradan çıxarıb, amma kompleksin ümumi fəaliyyətinə təsir etməyib.

Ötən gün iyulun 5-də “The New York Times” qəzeti İranın sentrifuqaların istehsalı ilə məşğul olan nüvə zavodunda baş vermiş partlayışın İsrailin diversiyası olduğunu yazıb. “Yaxın Şərq dövlətinin kəşfiyyat əməkdaşı bildirib ki, İsrail İranın Natanzdakı nüvə obyektinə hücuma görə məsuliyyət daşıyır”,-qəzet yazıb. Lakin qəzet mənbənin hansı dövlətdə işlədiyini və vəzifəsini göstərməyib.

Habelə bildirilir ki, İranın İnqilab Keşikçiləri Korpusunun əməkdaşı da iyulun 2-də Natanzdakı obyektdə “partlayıcı qurğunun işə düşdüyünü” təsdiqləyib. Qəzet bununla belə qeyd edir ki, İsrailin baş vermiş hadisəyə aidiyyatının olduğunu yoxlamaq imkanı yoxdur.

Bəzi xarici internet resurslarında partlayışın İsrailin F-35 qırıcısı tərəfindən endirilmiş raket zərbəsinin nəticəsi ola biləcəyi haqda xəbərlər yayılıb. Bunu dolayısı ilə təsdiqləyən fakt kimi İranın partlayışdan sonra S-75 komplekslərini ölkənin şimal regionlarına göndərməsi göstərilir. Belə ki, S-75 köhnəlmiş zenit-raket kompleksi olsa da onun radarı yenidir və xüsusi diapazonda dalğalar istifadə edir. İddialara görə bu radarlar “stels” tipli qırıcıları aşkarlamağa imkan verir, hərçənd kompleksin raketlərinin hədəfi vurma məsafəsi maksimum 30 kilometrdir (Məmmədov F., 2020).  

06.07.2020.

İranın Natanz nüvə obyektində iyulun 2-də yanğın baş verib. Yanğın qısa vaxt ərzində söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb və bu zaman radioaktiv çirklənmə baş verməyib. Yanğın zamanı heç kim xəsarət almayıb.

Bəs nüvə obyektində yanğına nə səbəb olub?

Nüfuzlu “Nyu York Tayms” qəzeti mənbələrinə əsasən yanğının İsrail kəşfiyyatının işi olduğunu yazıb. İsrail rəsmiləri adətən bu xəbərləri nə təsdiq, nə də təkzib edirlər. Ancaq hamı bilir ki, İsrail İranın nüvə çalışmalarından narahatdır və müxtəlif yollarla bunun qarşısını almağa çalışır. İsrailin müdafiə naziri Beni Qansın “vacib deyil ki, İranda baş verən hər bir insidentin arxasında İsrail dayanır” sözləri diqqəti cəlb edir. Bu açıqlamanı belə də oxumaq olar: “İrandakı hadisədə iştirakımız istisna deyil”. İsrailin xarici işlər naziri Qabi Aşkenazi isə ölkəsinin İranın nüvə obyektinə hücumunu bu sözlərlə faktiki təsdiq edib: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün uzunmüddətli siyasət həyata keçirir”.

İki versiya irəli sürülüb. Birinci versiyaya görə yanğına səbəb hansısa raketin nüvə obyektinə düşməsi olub. İkinci versiya isə bundan ibarətdir ki, partlayıcı qurğu hansısa yolla içəri keçirilib. Ekspertlər ikinci versiyaya üstünlük verirlər. Çünki, İran tərəfi partlayışa səbəb olan raketin qalıqlarını aşkar etməyib.Yanğına məruz qalan nüvə mərkəzi İran üçün vacib əhəmiyyət kəsb edir. Bu mərkəzdə nüvə elementləri zənginləşdirilir. Yanğın nəticəsində isə yüksək texnoloji avanadlıqlar sıradan çıxarılıb. Başqa sözlə yanğın İranın nüvə çalışmalarını bir qədər ləngidib. Partlayış obyektin üst mərtəbəsində baş verib. Mərkəzin yerin altında da mərtəbələri var. Ona görə ekspertlər düşünürlər ki, növbəti hücumdan qorunmaq üçün mərkəzdəki bütün avadanlıqlar alt mərtəbələrə yerləşdiriləcək.

Maraqlıdır ki, son hadisə 10 gün ərzində İranda baş verən dördüncü partlayışdır. İyunun 26-da Tehran yaxınlığındakı hərbi kompleksdə partlayış baş verib. Bu hadisədən 4 gün sonra Tehran yaxınlığındakı xəstəxanada partlayış baş verib. Hadisə zamanı 19 nəfər həlak olub. Nəhayət bir neçə gün əvvəl İranln qərbindəki elektrik stansiyasında transformator partlaması nəticəsində güclü yanğın baş verib.

Beləliklə, İrandakı nüvə və hərbi mərkəzlər hədəf götürülüb. Bu hadisələrin Azərbaycanla yaxından uzaqdan əlaqəsi yoxdur. Buna baxmayaraq, Ermənistandakı saytlar guya İrandakı mərkəzlərdə tuşlanan raketlərin Azərbaycandan havaya qaldığını yazıblar. Aydındır ki, bu “məlumatları” həmin saytlarda Ermənistan kəşfiyyatı yerləşdirib. Məqsədləri bu yolla İranla Azərbaycan arasında gərginlik yaratmaqdır. Elə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada da erməni təxribatına diqqət yetirilib: “Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”.

Əslində Ermənistanın yaydığı saxta məlumatlar həm də İsrailin əleyhinə yönəlib. Halbuki, Ermənistan hakimiyyəti son aylarda İsraillə əlaqələrini genişləndirib, hətta bu dövlətdə səfirliyini açmaq istəyir. İndi isə rəsmi İrəvan demək istəyir ki, İsrail Azərbaycan ərazisindən istifadə edərək İrana raket “zərbələri” endirib. Əgər İrandakı partlayışlarda İsrailin əli varsa, bu dövlət təkbaşına hərəkət edib. Digər tərəfdən ekspertlər partlayışların obyektlərin içərisində baş verməsi ehtimalını yüksək qiymətləndiriblər. Raketlə vurulma ehtimalı azdır. İranda 2000-ci illərdə nüvə mərkəzlərində çalışan bir neçə alim müəmmalı şəkildə qətlə yetirildi. Bunu da kim edibsə təkbaşına edib. Azərbaycan belə oyunlarda iştirak etmir. Bizim bir hədəfimiz var, o da işğalçı Ermənistandır (Elhan Şahinoğlu, 2020).

07.07.2020.

İran hakimiyyəti İsfahan əyalətində yerləşən Natanz nüvə kompleksində iyulun 2-də baş vermiş partlayışın nəticələrinin təxmin edildiyindən daha ciddi olduğunu təsdiqləyib...

Xarici KİV-lər xəbər verir ki, İranın atom enerjisi üzrə təşkilatının rəsmi nümayndəsi Bəhruz Kamalvəndi parlayış və yanğın nəticəsində zərər görən binanın bərpa edilməyəcəyini, sökülərək yenisinin tikiləcəyini açıqlayıb.

B. Kamalvəndi insident nəticəsində kompleksdə tələfat olmadığını bildirib. O, partlayış və yanğın baş vermiş binada nüvə materiallarının olmadığını deyib. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də həmin binada nüvə materiallarının olmadığını təsdiqləyir.

İran hakimiyyəti hələlik Natanz nüvə mərkəzində baş vermiş partlayışın və yanğının səbəblərini açıqlamır. Bununla belə İran hakim dairələrindəki mənbə “Reuters”ə bildirib ki, yanğının səbəbinin kiberhücum olması istisna edilmir. Dövlət xəbər gentliyi İRNA isə insidentin arxasında İrana düşmən qüvvələrin dayandığı təxmin edilir.

Xatırladaq ki, bundan əvvəl “The New York Times” qəzeti İranın nüvə mərkəzində baş vermiş partayışın İsrailin diversiyasının nəticəsi olduğunu yazıb. Qəzet bu barədə Yaxın Şərq dövlətlərindən birinin kəşfiyyatına istinadən bildirib. Bildirilir ki, obyektdə partlayıcı qurğu işə düşüb. Nəticədə nüvə kompleksinin sentrifuqlaların işə salınmazdan əvvəl kalibrləndiyi bina tamamilə dağılıb, partlayış dalğası binanın nəhəng dəmir qapısını yerindən çıxarıb.

Bu arada İranda daha bir sirli partlayışın baş verdiyi üzə çıxıb. Natanaz nüvə mərkəzində baş vermiş partayışdan bir neçə gün əvvəl Parçin hərbi kompleksində də partlayış baş verib. Bu mərkəzdə İran ballistik raktlər və digər yeni silahlar işləyib hazırlayır.

Sosial şəbəkələrdə həmin partlayışlara görə məsuliyyəti “Vətənin pələngləri” adlı qruplaşmanın üzərinə götürdüyü haqda məlumat yayılıb. Qruplaşmanın adından yayılan məlumatda deyilir ki, onlar hökumətin və güc strukturlarının içərisində fəaliyyət göstərirlər. Məqsədləri isə indiki rejimi devirməkdir. Hərçənd belə qruplaşmanın mövcudluğunu təsdiqləmək imkanları yoxdur.

Küveytin “al-Jarida” qəzeti isə xəbər verir ki, Parçin hərbi kompleksində və Natanz nüvə mərkəzində baş vermiş partayışların arxasında İsrail dayanır. Qəzet kəşfiyyat xidmətlərinin yüksək rütbəli əməkdaşına istinad edir, amma hansı ölkənin kəşfiyyatından söhbət getdiyini açıqlamır. İddia edilir ki, Parçin hərbi kompleksinə Israilin F-35 qırıcısı hücum edib, Natanzda isə “Mossad”ın diversiya qrupu partlayış törədib. Bu zaman müasir kibermüharibə vasitələrindən istifadə olunub. Hücumun hədəfi nəzarət qaz qurğuları olub.

Qəzet onu da yazır ki, partlayışın nəticəsində Natanz nüvə reaktorunun divarlarında çatlar meydana çıxıb. Bildirilir ki, hər iki hücumun hədəfi İranın UF6 (geksaflüorid uran) ehtiyatları olub. Bu qaz, uranın həm hərbi, həm mülki məqsədlər üçün zənginləşdirilməsində istifadə edilən mühüm komponentdir. Hücumun nəticəsi olaraq İran UF6 qazının ehtiyatlarının 80 faizini itirib ki, bunun da nəticəsində uranı zənginləşdirmək imkanları kəskin azalıb. Ehtimal edilir ki, hücum nəticəsində İranın uranı zənginləşdirmək proqramı ortamüddətli dövr üçün geri düşüb.

Xatırladaq ki, bir neçə il əvvəl İsrailin İranın Natanz nüvə mərkəzinə “Stuxnet” virusu ilə həyata keçirdiyi kiberhücumun nəticəsində sentrifuqların əksəriyyəti sıradan çıxmışdı. Belə ki, virus sentrifuqaların hədsiz yüksək sürətlə fırlanmasını “əmr” edib, proses nəzarətdən çıxıb və 1000-ə yaxın sentrifuqa sıradan çıxıb. Nəticədə İranın uranı zənginləşdirmək proqramı bir neçə ilə geri düşüb. Ötən il isə “Mossad” İranın nüvə arxivini oğurlayıb İsrailə aparmışdı.

Bu arada beynəlxalq KİV-lər İranda daha bir müəmmalı partlayış haqda xəbər verir. Məlumata görə Tehrandan cənubda, Beqarşəhrdə İnqilab Keşikçiləri Korpusuna məxsus olan neft emalı zavodunda güclü partlayış baş verib, nəticədə azı 2 işçi həlak olub. Əvvəlcə partlayışın İranın nüvə proqramına aid olan obyektdə baş verdiyi bildirilsə də daha sonra bu məlumat təkzib olunub (Bir-birinin ardınca.., 2020).

Maraqlıdır ki, bu hadisədən bir neçə ay öncə, daha dəqiq desək 2015-ci ilin yanvar ayının əvvəllərində, İran, sanki yeni bir həmləyə məruz qalacağını hiss edirmiş kimi, sözügedən obyektin müdafiəsi ilə bağlı xüsusi təlimlər də keçirmişdi. Bu barədə “SalamNews” saytının 13. 01. 2015 tarixli nömrəsində dərc edilmiş “İranın Natanz nüvə mərkəzində hücumun dəf edilməyi üzrə təlim keçirilib” başlıqlı qısa bir xəbərdə belə deyilməkdə idi:

“İranın Natanz şəhərindəki nüvə mərkəzində potensial rəqib hücumu ilə bağlı təlim keçirilib.

Bu barədə “SalamNews” TASS-a istinadla xəbər verir.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehinin iştirak etdiyi təlimdə mərkəzin bütün təhlükəsizlik sistemi işə salınıb, şərti rəqibin bütün hücumları dəf edilib” (Haqverdiyeva Y., Nəzərov C., 2015).

Əslində 2010-cu il hadisəsindən sonra İran bu tip təlimləri mütəmadi olaraq həyata keçirir. Fəqət onlar media üçün maraqlı olmadığı üçün bir sıra hallarda diqqətdən kənarda qalır.

Yeri gəlmişkən qeyd edək ki, İran da kibersavaş və radio-elektron mübarizə sahəsində xeyli məsafə qət edə bilib. Və bu halda söhbət heç də təkcə onun ABŞ banklarının kompüter şəbəkəsinə təşkil etdiyi effektiv kiberhücumdan getmir. Söhbət həm də bu ölkənin kiberqüvvələrinin 2011 və 2019-cu illərdə ABŞ-a məxsus pilotsuz kəşfiyyat təyyarələrinin kompüter şəbəkəsinə müdaxilə edərək, onu çətinlik çəkmədən yerə endirə və ələ keçirə bilməsi faktından gedir.

Bu barədə də açıq mənbələrdən, o cümlədən Azərbaycan mediasından kifayət qədər məlumat əldə etmək mümkündür. Onlardan ikisini gözdən keçirək:

04.01.2013.

İran ABŞ-a məxsus iki pilotsuz təyyarə ələ keçirib. APA-nın məlumatına görə, bunu İran Hərbi-Dəniz Qüvvələri komandanının müavini, admiral Əmir Rəstgari bildirib. Onun sözlərinə görə, İranın ələ keçirdiyi pilotsuz təyyarələr “RQ-11” modelidir: “Bu təyyarələrdən biri 2011-ci ilin sentyabr ayında, digəri isə həmin ilin noyabr ayında ələ keçirilib. Hazırda təyyarələr hərbi mərkəzlərimizdə araşdırılır və tamamilə deşifrə edilib”.

Qeyd edək ki, İran bundan əvvəl “RQ-170” və “ScanEagle” pilotsuz təyyarələrini ələ keçirib və ictimaiyyətə nümayiş etdirib (Könül Cəfərli, 2013).

22.02.2019.

İranın İnqilab Keşikçiləri Korpusunun radioelektron mübarizə bölməsi Rusiyadan alınan "Avtobaza" qurğusunun köməyi ilə ABŞ-ın MQ-9 pilotsuz zərbə-kəşfiyyat təyyarəsini "ələ keçirib". Və təyyarəni idarə edərək onu geri qayıtmağa, havaya qalxdığı bazanın yaxınlığında sərt eniş etməyə "məcbur edib". Bundan sonra amerikalılar öz pilotsuz təyyarələrini məhv etməli olublar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Amerika təyyarəsinin İran tərəfindən ələ keçirildiyinə dair görüntülər internetdə yayılıb. İnqilab Keşikçiləri Korpusunun Aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə bu məlumatı təsdiq edib və bildirib ki, İraq və Suriya üzərində müntəzəm uçuşlar keçirən bir neçə Amerika pilotsuz kəşfiyyat təyyarəsi onların nəzarətində olub. Və həmin təyyarələrin əldə etdiyi kəşfiyyat məlumatları birinci əldən İran tərəfinin əlinə keçib.

"Suriya və İraq üzərində müntəzəm uçuşlar keçirən yeddi-səkkiz pilotsuz təyyarə bizim tərəfimizdən nəzarət altına alınıb və biz onların topladığı bütün informasiyaları götürmüşük. Biz informasiyaları birinci mənbədən əldə etmişik" - general Hacızadə Həmədan şəhərində jurnalistlərə bildirib.

İnqilab Keşikçiləri Korpusunun radioelektron mübarizə bölmələri həmin pilotsuz təyyarələrin rabitə kanallarına nəzarəti ələ keçirməklə ABŞ ordusunun komanda mərkəzinə də çıxış əldə ediblər.

İnqilab Keşikçiləri Korpusu Amerikanın MQ-9 "Reaper" pilotsuz zərbə-kəşfiyyat təyyarəsinin idarəetməsinin ələ keçirilməsindən sonra necə kəsintilərlə işlədiyini və öz bazasından 10 kilometr məsafədə səhralıq əraziyə necə sərt eniş etdiyi barədə görüntüləri təqdim edib. Amerika qoşunları təyyarənin idarəetməsinin kimin əlində olduğunu bilmədiklərindən onu eyni model pilotsuz təyyarə ilə məhv etmək qərarına gəliblər. Bu kadrlar da internetdə yayılıb.

Məlumatlara görə İran Amerika pilotsuz təyyarəsini "ələ keçirmək" üçün Rusiyadan aldığı "Avtobaza" radioelektron mübarizə qurğusunu tətbiq edib. İran hərbçiləri ilk dəfə bu qurğunu 2011-ci ildə ABŞ-ın "RQ-170 Sentinel" pilotsuz kəşfiyyat təyyarəsini ələ keçirmək və salamat yerə endirmək üçün istifadə ediblər. Bundan sonra iranlılar həmin təyyarənin layihəsi əsasında öz pilotsuz kəşfiyyat təyyarələrini istehsal etməyə başlayıblar. Bu təyyarə ilk dəfə 2014-cü ildə havaya qalxıb. Həmin vaxt general Hacızadə demişdi ki, İran Amerika pilotsuz təyyarəsinin ələ keçirilməsi və onun mühərrikinin sirlərini öyrənməsi nəticəsində 35 il qabağa gedib. İran ötən illərdə daha bir neçə Amerika pilotsuz kəşfiyyat təyyarələrini vurub sala bilmişdi (İran ABŞ-ın pilotsuz.., 2019).

İranın ölkəmizdə fəaliyyət göstərən web-sitelərə hücumları da adi haldır. Buna ən gözəl misal Bütöv Azərbaycan Ocaqlarının (BAO) veb-səfifəsinin kiberhücuma mərus qalaraq təxrib edilməsini göstərmək olar. Maraqlıdır ki, bu hadisədən bir müddət öncə ABŞ-ın Bakıdakı səfirliyində səfirin şəxsi təşəbbüsü ilə BAO rəhbərliyi ilə görüş olmuş və görüş zamanı BAO rəhbərliyi belə bir təhlükənin mövcudluğu barədə öncədən xəbərdar edilmişdi. Səfirliyin əməkdaşları təşkilata onun web-sitesinin ABŞ tərəfindən qorunma altına alınmasını təklif etsələr də, BAO-nun rəhbərliyi buna razılıq verməmişdi.

Kibersavaş və kiberhücumlar sahəsində ixtisaslaşmış ölkələrdən biri də Koreya Xalq Demokratik Respublikası (KXDR), başqa sözlə, Şimali Koreya hesab edilir.

“Reuters” agentliyinin məlumatına görə, KXDR-in Kəşfiyyat İdarəsinin Baş Qərargahına tabe olan qurumlar işərisində kiberəməliyyatların keçirilməsi üzrə istisaslaşmış xüsusi bölmələr də var. Onlardan biri də “Dark Seoul Gang” adı ilə də tanınan 121-ci bölmədir (Park, Pearson & Ju Min, 2015a). Bu bölmədə 1800 nəfər fəaliyyət göstərir ki, onların da böyük əksəriyyəti Pxenyan Universitetinin Avtomatika fakultəsinin məzunlarıdırlar (Gardner Josh, 2014; Park, Pearson & Ju Min, 2015b). Onlar izi itirmək üçün dünyanın müxtəlif ölkələrinə göndərilərək, həmin ölkələrin ərazisindən fəaliyyət göstərirlər. Bu fəaliyyətlə məşğul olanların qohumları bir sıra imtiyazlarla təmin edilirlər (Sciutto Jim, 2014; Gardner Josh, 2014 ).

Daha öncələr haqqında çox az adamın bilgisi olduğu 121-ci bölmənin dünya mediasının və ictinaiyyətinin diqqət mərkəzinə gəlməsi 2014-cü ildə, “Sony Pistures” şirkəti özünün Şimali Koreyanın lideri Kim Çen İnə sui-qəsd cəhdindən bəhs edən “Müsahibə” adlı filminin premyerasını ləğv etməsindən sonra baş verib. Məlumat üçün bildirək ki, premyeranın ləğvinə səbəb sözügedən şirkətin kompüter şəbəkəsinə təşkil edilən kiberhücum olmuşdu (Brown Pamela, Sciutto Jim, Perez Evan & Acosta Jim, 2014).

ABŞ xüsusi xidmət orqanları baş verən hadisədən dərhal sonra baş verən kiberhücumun arxasında 121-ci bölmənin durduğunu bəyan etdi və beləcə bölmənin adı hər kəsə məlum oldu (Gardner Josh, 2014; Brown Pamela, Sciutto Jim, Perez Evan & Acosta Jim, 2014). Təbii ki, rəsmi Pxenyan da, bu kimi hallarda həmişə olduğu kimi, yayılan məlumat və səsləndirilən ittihamları rəsmən inkar etdi (Brown Pamela, Sciutto Jim, Perez Evan & Acosta Jim, 2014).

“Sony Pistures” şirkətinə yönələn kiberhücumdan sonra ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmiş, KXDR-in Müdafiə Nazirliyii isə buna cavab olaraq bəyan etmişdi ki, Koreya özünün “kiberqoşun”larının sayını artıraraq şəxsi heyətin sayını 6 min nəfərə çatdıracaqdır (Марина Бондаренко, 2015).

2015-ci ilin yanvarında informasiya təhlükəsizliyi üzrə müstəqil ekspertlər Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (KMTA) web-sitesi fəaliyyətdə olan zərərli kodun daşıyıcısı olduğunu və ən azı 2012-ci ilin dekabrından fəal olan bu kodun “Flash” üçün yenilənmə maskası altında gizlədildiyini müəyyən etdilər. Məlum oldu ki, web-sitenin işi elə tənzimlənmişdir ki, “FlashPlayer10.zip”in yüklənməsi portalın inzibatçısının arzusuna uyğun şəkildə baş verir və bu zaman bu və ya digər versiyadan asılı olmayaraq, konkret brauzer istifadəçiləri hədəfə alına bilir (Марина Бондаренко, 2015).

Qlobal miqyasda durmadan, aralıqsız olaraq aparılan kibersavaşların iştirakçılarından və həyata keçirilən kiber hücumların təşkilatçılarından biri də Çindir. Mütəxəssislərin böyük əksəriyyəti bu fikirdədir ki, Çin “soyuq kibersavaşa" başlaya bilmək üçün hər cür texniki imkan və kadr potensialına sahibdir (Washington, Beijing in.., 2013).

Hazırda Çinin Xalq Azadlıq Ordusunun (ÇXAO) tərkibində şəxsi heyətinin 2000 nəfər olduğu söylənilən 61398-ci bölmə fəaliyyət göstərir. Bölmənin əsas vəzifəsi rəqib və düşmən ölkələrin kompüter şəbəkələrinə haker hücumları təşkil etməkdir (David E. Sanger, David Barboza and Nicole Perlroth, 2013; China's Response to.., 2013). Bundan başqa, Çin hökumətinin kiberhücumların təşkili və kiber cəsusluqla məşğul olan çox sayda haker qrupunun xidmətlərindən də istifadə etməkdə olduğu bilinir. Bunlardan ən böyüyü “Qırmızı Hakerlər Alyansı” kimi tanınan qrupdur ki, özündə 80000 nəfər hakeri birləşdirir (Red Hackers back.., 2005).

İnformasiya təhlükəsizliyi üzrə rus ekspertlərdən V. Ovçinskiy və Y. Larinanın yazdıqlarına görə, “Qırmızı Hakerlər Alyansı” qeyri-formal şəbəkə olsa da, Çin höküməti tərəfindən yönləndirilir. Quruma Çin vətəndaşlarından başqa xarixi ölkələrdə yaşayan çoxmilyonluq Çin diasporunun minlərlə üzvü də daxildir və onların istisnasız olaraq hamısı ÇXAO Baş qərargahının 3 və 4-cü idarələri sıx əməkdaşlıq edirlər (Овчинский В. С., Ларина Е. С., 2014b, s. 17).

2010-cu ildə ABŞ-aid gizli diplomatik sənədlərin sızmasından və geniş ictimaiyyətin malına çevrilməsindən sonra amerikalı mütəxəssislər bər narahatlıq keçirirlər. Narahatlığın əsas səbəbi heç də ABŞ-ın dünyanın dörd bir yanında həyata keçirdiyi imperialist siyasətin faş olması deyil, Çinin əldə olan informasiyadan istifadə edərək, “Misrosoft”un proqram məhsullarının mənbə koduna daxil ola bilmək və bu yolla öz hərbi potensialını yüksəltmək məqsədilə “beyin idxalını” həyata keçirmək imkanı əldə etməsidir (US embassy cables.., 2010).

Ceyson Frits 2008-ci ildə dərc etdirdiyi bir məqaləsində iddia edir ki, 1995-2008-ci illərdə Çinin cəsusluqla və bu məqsədlə xarici ölkələrdə təhsil alan çinli tələbələrdən, eləcə də xarici ölkələrdə yaşayan çinli biznesmen, alim, diplomat və mühəndislərdən ibarət geniş şəbəkədən istifadə etməsi ilə bağlı bir çox hay-küylü qalmaqala qarışdığı məlumdur (Jason Fritz, 2008). Onun bu iddiasını Çin xüsusi xidmət orqanının ölkəsindən qaçaraq, Belçikaya sığınan və adı açıqlanmayan bir əməkdaşının söylədikləri də təsdiq etməkdədir. Onun sözlərinə görə, hazırda minlərlə Çinli Avropada sənaye cəsusluğuna cəlb edilmişdir. Çinli sabiq diplomat Çen Yunlinin də söylədikləri bu qəbildəndir. O, hazırda təkcə Avstaraliyada minlərlə Çinli cəsusun fəaliyyət göstərdiyini etiraf etmişdir.

Deyilənlərə daha bir sübut 2007-ci ildə Rusiyada Çinin lehinə cəsusluq edən və bu ölkəyə kosmik raket texnologiyası ilə ilə bağlı gizli məlumat və sənədləri ötürməklə məşğul olan yüksək rütbəli bir məmurun ifşa edilərək 11il həbs cəzasına çatdırılış olması faktıdır.

Çinin ABŞ ərazisində də bənzər fəaliyyətlə məşğul olduğu, daha çox aerokosmik sənaye proqramlarını, “Spase-Shatl” dizaynı və C4ISR ilə bağlı məlumatları ələ keçirmək üçün ciddi şəkildə səy göstərdiyi bildirilir. Yüksək keyfiyyətli kompüter texnologiyalarının, nüvə silahı və qanadlı raket ilə bağlı konstruksiyaların, yarımkeçiricili cihazların və inteqral sxemlərin də onun maraq dairəsində olduğu qeyd edilir. Deyilənlərə görə, Çini ən çox maraqlandıran məsələlərdən biri də ABŞ-ın Tayvana satdığı silahlardır (Jason Fritz, 2008).

Çin də digər ölkələr kimi özünün cəsusluq fəaliyyətlərini daim inkar edir, kibercəsusluq və kibersavaşla bağlı bütün iddiaları dərhal təkzib edir. Bütün ölkələr kimi o da özünü kiberhücumların qurbani qismində təqdim etməyə çalışır. Bununla belə, mütəxəssislər ABŞ, Hindistan, Rusiya və Kanadanın bir sıra dövlət və mülki obyektlərinə təşkil edilmiş bir çox kiberhücumun arxasında məhz Çinin durduğuna zərrə qədər də şübhə etmirlər (China to make.., 2013).

C. Fritsin yazdığına görə, Çin xaricdən aldığı hərbi cihaz və avadanlıq hesabına özünün kiversavaş imkanlarını qat-qat artıra bilmişdir. Bu sırada kosmik monitorinq və kəşfiyyat məlumatlarının toplanması, peyklərə qarşı silah, antiradar, infraqırmızı tələ və yanlış hədəf sistemlərini xüsusi qeyd edən müəllif bu ölkənin öz ordusunu kiberqoşunların sayını artırmaqla önəmli ölçüdə gücləndirdiyini qeyd etmişdir (Jason Fritz, 2008).

Çinin ABŞ-a qarşı kibercəsusluqla məşğul olduğu barədə təkzibedilməz dəlillər (Cha Ariana Eunjung and Ellen Nakashima, 2010) ortaya çıxdıqdan sonra Kommunitar Siyasi Araşdırmalar İnstitutunun əməkdaşı Amitay Etsioni hər iki ölkəyə bir-birinə qarşı kiberhücumlar təşkil etməmək barədə güvənli bir siyasi razılaşma işləyib hazırlamağı təklif edib. Onun fikrincə, qarşılıqlı monitorinqlərlə müşaiyət olunacaq belə bir razılaşma və həmin razılaşma əsasında əməkdaşlıq hər iki ölkəyə öz kibermüdafiə sistemlərini daha da təkminləşdirməyə imkan verə bilərdi (Etzioni Amitai, 2013).

Çinin yeni hərbi doktrinasında haker bölmələrinə və kiberəməliyyatlar da xüsusi yer ayrılmışdır. Bu sənəd Çin hökumətinin belə bir bölmələrə sahib olmasının ilk etirafı kimi gözdən keçirilir. Sənəddə bu tip üç bölmədən söz açılır:

1. Şəbəkə mübarizəsi üçün xusisi hərbi qüvvələr. Müdafiə və hücum əməliyyatları üçün nəzərdə tutulub.

2. Hərbi rəhbərlik tərəfindən şəbəkə mübarizəsi aparmaq üçün səlahiyyət verilmiş mülki mütəxəssis qrupları. “Mülki mütəxəssis qrupları” anlayışına Dövlət Təhlükəsizlik və İctimai Təhlükəsizlik nazirliklərinin mütəxəssisləri də daxil edilir.

3. Şəbəkə mübarizəsinə cəlb edilə və lazım gəldikdə səfərbər edilə bilən və “xarici subyektlər” (Китай впервые признал.., 2015).

Bənzər qrup və bölmələrin Rusiyada da yaradıldığı barədə dəqiq məlumat var. Rusiyada onlar Rusiya Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərir və rəsmən “İnformasiya əməliyyatları Qoşunları” adını daşıyırlar. Fəaliyyəti gizli tutulan bu “qoşunlar” Rusiya prezidentinin fərmanı ilə 2014-cü ilin fevralında yaradılıb. Rəsmən onun Rusiyanın kompüter şəbəkələrinin idarəsi və müdafiəsi, eləcə də hərbi idarə və rabitə sistemlərinin rəqibin ehtimali kiberhucumlarından və kiberterrorizm aktlarından qorunması məqsədi ilə yaradıldığı bildirilir. “Qoşunlardan” daha öncə isə müdafiə naziri S. Şoyqunun 14 yanvar 2014-cü il tarixli əmri ilə Rusiya Hərbi Qüvvələrinin Baş Qərargahının Kibernetik Komandanlığının yaradıldığı məlumdur (В Минобороны РФ.., 2017).

Bəzi rus analitiklərinin fikrincə, Rusiya kiberqoşunların inkişaf səviyyəsinə görə ABŞ, Çin, Böyük Britaniya və Cənubi Koreyadan sonra 5-ci yerdə gəlir (Мария Коломыченко, 2017).

Mövzu dünya mətbuatında geniş işıqlandırıldığı kimi, Azərbaycan KİV-lərin də nəzərindən yayınmayıb. Mövzu ilə bağlı “Ulduz” kibertəhlükəsizlik səhifəsində 12. 05. 2014 tarixində dərc edilmiş “Rusiyada kiber ordu yaradıldı” başlıqlı məqalədə bunlar yazılmışdır:

“Rusiya Federasiyasının kiber ordusu yerli hərbi idarəetmə sistemlərini və rabitəni kiber terrorizmdən qoruyacaq.

İTAR-TASS agentliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya silahlı qüvvələrində yeni növ qoşun növü formalaşdırılmışdır. Yeni qoşun növünün əsas  vəzifəsi yerli hərbi idarəetmə sistemlərini və rabitəni kiber terrorizmdən qorumaqdır.

Mənbədən verilən xəbərə görə, informasiya əməliyyatları qoşunlarının yaradılması zərurəti Rusiya Federasiyası hökumətində çoxdan müzakirə edilirdi.

Edvard Snouden tərəfindən ABŞ Milli Təhlükəsizlik Agentliyinin izləmə proqramının ifşa olunması bu prosersi tezləşdirmişdir.

Yeni struktura  donanmalarda və hərbi dairələrdə olan hissələr, bölmələr və  riyaziyyat, proqramlaşdırma, mühəndislik, kriptoqrafiya, rabitə sahəsində yüksək ixtisaslı mütəxəssislər daxil ediləcəkdir. Bundan əlavə,  informasiya əməliyyatları qoşunlarında radio elektron mübarizə üzrə zabitlər və tərcüməçilər xidmət göstərəcək” (Rusiyada kiber ordu.., 2014).

“Xalq Cəbhəsi” qəzetinin 27 Fevral 2017 tarixli nömrəsində dərc edilmiş “Rusiyada “informasiya əməliyyatları ordusu” yaradılıb” adlı məqalədə isə belə deyilir:

“Başa çatmaqda olan həftə medianın diqqətini çəkən mövzulardan biri də Rusiyada "informasiya əməliyyatları ordusunun" yaradılması haqda müdafiə naziri Sergey Şoyqunun açıqlaması oldu. Nazirin bunu açıqlamasına təəccüblənənlər də vardı, bunu "məlumun elanı" kimi qəbul edənlər də. CurrenttimeTV-nin hazırladığı yazı da bu haqdadır.

Beləliklə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 18-də Dövlət Dumasında çıxış edərkən Silahlı Qüvvələrdə informasiya əməliyyatları ordusu yaradıldığını rəsmən təsdiqləyib.

Nazirin sözlərinə görə, "təbliğat ağıllı, savadlı və effektiv olmalıdırvə buna görə də informasiya əməliyyatları ordusu yaradılıb". Sergey Şoyqu sözügedən "ordunun" sovet dönəmində mövcud olan və əkstəbliğat adlandırılan qurumdan "daha effektiv, güclü idarə" olduğunu söyləyib. Bununla da müdafiə naziri Rusiyanın maraqlarına xidmət edəcək əkstəbliğat idarəsinin yaradılmasının zərurəti haqqındasualı cavablandırmış olub.

RBK-nın Dövlət Dumasındakı qaynağı "Müdafiə Nazirliyindəki struktur bölməsinin haker hücumlarının dəf edilməsi ilə məşğul olduğunu" öyrənə bilib. "Eyni zamanda, o, həm ölkə içində, həm də ölkə xaricində, həm İnternetdə, həm də kütləvi informasiya vasitələrində əkstəbliğatla məşğuldur". Bununla yanaşı, qaynaq Sergey Şoyqunun bu məlumatı açıqlamasınada təəccübünləndiyini ifadə edib,onun sözlərinə görə, bu, "məxfi məlumat"dır.

Dövlət Dumasında Müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov bəyan edib ki, yeni "ordu" kiber hücumlarla bağlı yaranan problemləri dəf edə biləcək: "Bu gün bir sıra çağırışlar kibersfera adlandırılan məkana daşınıb və mahiyyət baxımından bu gün ümumi qarşıdurmanın tərkib hissəsi olaraq informasiya qarşıdurması gedir".

Baş nazirin müavini Dmitri Raqozin hələ 2012-ci ilin martında Rusiya Silahı Qüvvələrində kiber ordunun yaradılması zərurəti haqqında danışmışdı.Bir il sonra 2013-cü ildə Silahı Qüvvələrdə bu cür komandanlığın yaradılacağı haqda "İnterfax" İnformasiya Agentliyinin qaynağı məlumat versə də, xəbər rəsmi təsdiqini tapmamışdı.

Dövlət Dumasında müdafiə komitəsinin sədr müavini Aleksandr Şerin isə bu ilin yanvarında bəyan etmişdi ki, Rusiyada kiber qoşun yoxdur.Rusiya dövlət telekanalları dəfələrlə informasiya təqdimatı ilə deyil, rəsmi təbliğat ilə məşğul olmaqda, bundan başqa, siyasi məqsədlər güdən saxta məlumatlar yaymaqda ittiham ediliblər. Bu cür saxta məlumatların yayılması ilə bağlı Almaniya, Fransa və ABŞ-da araşdırmalar aparıldığı da bildirilir.Birləşmiş Ştatların xüsusi xidmət orqanları isə hesab edirlər ki, sonuncu dəfə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərən Rusiya hakerlərinin fəaliyyətini məhz Rusiyanın rəsmi xüsusi xidmətləri olan Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi kurasiya edib.Bundan başqa, Rusiyada, eləcə də ondan kənarda sosial şəbəkələrdə və forumlarda kremlyönlü təbliğat aparan "trollar fabriki"nin əməkdaşları da ifşa ediliblər” (Rusiyada “informasiya əməliyyatları ordusu”.., 2017).

“Azərbaycan 24” saytının 23 fevral 2017-ci il tarixli nömrəsində dərc edilmiş “Rusiya kiberordusunu gücləndirir – İldə 300 milyon dollar” başlıqlı məqalədə isə məsələyə belə münasibət bildirilib:

“Ruslar üçün kiberməkan da döyüş meydanı sayılır.

Rusiya müdafiə naziri Sergey Şoyqu Dövlət Dumasının deputatları qarşısında çıxış edərək Rusiyada informasiya əməliyyatları qoşunlarının yaradıldığını bəyan edib.

Beləliklə, Rusiya kibernetik ordusunun mövcudluğunu bununla ilk dəfə rəsmi ağızdan etiraf etmiş olub.

Sergey Şoyqu yeni qurulan hərbi təşkilatın fəaliyyətinə olduqca yüksək qiymət verib. Şoyqunun sözlərinə görə, informasiya və kibertəbliğat ağıllı, savadlı və effektiv həyata keçirilməlidir.

“Bu gün bir çox təhdidlər kibersahə deyilən məkanlara keçib və bu gün informasiya mübarizəsi ümumi rəqabətin tərkib hissəsidir. Bundan irəli gələrək Rusiyada bu işlə məşğul olan strukturların yaradılması zərurətə çevrilib”, – Dövlət Dumasının müdafiə komissiyasının sədri Vladimir Şamanov bəyan edib.

Şamanovun sözlərinə görə, informasiya əməliyyatları qoşunları milli müdafiə və informasiya sahəsində maraqların müdafiəsi üçün yaradılıb.

Rusiya Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisi (2004-2008) Yuri Baluyevskinin dediyinə görə, müasir dünyada informasiya mübarizəsində əldə olunan qalibiyyət silahların tətbiq olunduğu klassik müharibədəki qələbədən daha önəmlidir.

“Rusiya informasiya əməliyyatlarının köməyi ilə xarici ölkələrin rəhbərliyinə, əhalisinə və elitar təbəqələrinə dünyadakı situasiya haqqında öz həqiqətini effektiv şəkildə çatdırmalı və Qərbi müdafiə vəziyyətinə keçməyə məcbur etmlidir”, – Müdafiə